Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir. 1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkincilik, maldarlıq, bağcılıq, balıqcılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Cin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılmışdır. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə Azərbaycanın şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas şəhərlərindən birinə çevrilmişdir. Şəhərdə taxta, kirəmit, kərpic zavodları, şəkər qamışından qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri yaradılmışdır. XVIII-XIX əsrlərdə Lənkəran xarici ölkələrə düyü, kətan, ipək, tərəvəz, meşə materialları, balıqçılıq məhsulları ixrac etmişdir. Bu məhsullar əsasən Rusiyaya ixrac olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti illərində Lənkəran iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə böyük uğurlar qazanmışdır.
|